Haqqımızda

“ASAN xidmət”də fəaliyyət göstərmiş bir qrup könüllü gənc tərəfindən yaradılan “ASAN Könüllüləri” gənclər təşkilatı ictimai birliyi hər zaman gənclər siyasətinə dəstək olmuş, bu sahədə atılan addımlarda ön sıralarda yer almışdır. Görülən bütün işlər gənclərin inkişafına, ideyalarının reallaşdırılmasına, bununla da onların cəmiyyətdə özünəməxsus yer tutmalarına şərait yaratmışdır. Artıq üzvlərinin sayı iyirmi iki mini keçən təşkilat gənclərin vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərlərinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir, çoxsaylı layihələr həyata keçirir. Təşkilat tərəfindən gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində keçirilən proqramlardan biri də 2016-cı il aprel ayından etibarən fəaliyyətə başlamış “Əsgərə Məktub” proqramıdır. Azərbaycan Əsgərinə mənəvi dəstək vermək məqsədilə başladılmış bu proqram çərçivəsində əsgərlərimizə on minlərlə məktub yazılıb. Yazılmış məktublar müxtəlif hərbi hissələrdə xidmət göstərən əsgərlərə çatdırılıb. Bildirmək istəyirik ki, layihəyə maraq hazırda da artmaqdadır. Belə ki, “ASAN xidmət” mərkəzlərində yerləşdirilmiş “Əsgərə Məktub” köşklərində məktublar vətəndaşların şəxsi təşəbbüsləri ilə bu gün də yazılır.