Ağabəy Məmmədquliyev

Ata adı: Zaur

Doğum tarixi: 2001-06-15

Şəhid olduğu tarix: 2020-09-27

Doğum yeri: Bakı

Şəhid Ağabəy Zaur oğlu Məmmədquliyev 2001-ci ildə göz açmışdı dünyaya. Ağabəyin 19 illik qısa ömrünün böyük xatirələri var. Ailəsi, qohumları hər kəs onunla bağlı çox qürurla danışır. Ağabəyin vətənə, ailəsinə olan sevgisi bir başqa olub. Bibisi İlahə xanımın sözlərinə görə, Ağabəyin əsgərlikdən təxris olunmasına 3 ay qalmışdı. Onun əsgərlikdə olduğu müddətdə atasından tək istəyi olub. “Anamı da gətir gəl. Sizi görüm”. “Çox mehriban uşaq idi. Bütün kəndin sevimlisi idi. Sentyabr ayı idi. Atasına zəng vurub deyirdi ki, darıxmışam sizin üçün. Anamı da götür gəl yanıma, sizi görmək istəyirəm”. Sanki Ağabəyin ürəyinə dammışdı ki, bu, ailəsi ilə son görüşü olacaq. "Ailəsi onun sözlərini yerə salmayaraq sentyabrın 20-si Mingəçevirdə yerləşən hərbi hissəyə yola düşdülər. Övladları ilə görüşləri də elə film kimi olub. Bütün kənd onların görüşündən danışırdı ki, övlad-valideyn sevgisi necə böyükdü bu ailədə. Anasını görüb uzaqdan qaça-qaça gəlib onun boynuna sarılıb. Son dəfə anası öz əlləri ilə Ağabəyə yemək yedirib”. Bu görüşdən 1 həftə sonra Ağabəy Talış yüksəkliyində şəhid olub. “Sentyabrın 27-si şəhid olub balamız. Mingəçevirdə xidmət edirdi. Tez-tez evlə əlaqə saxlayırdı lakin deməmişdi ön cəbhəyə apardıqlarını. O qədər ailəsinə bağlı övlad idi ki, istəməyib biz narahat olaq”, -deyə bilirib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Məmmədquliyev Ağabəy.jpg